Baş redaktor həbs təhlükəsi qarşısında – “10 gün vaxt veriblər”

0
134

Bu ilin iyulunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs təhlükəsi ilə üz-üzə qalıb. Baş redaktor Azinforum.az-a bildirib ki, Beyləqan rayonunun Təzəkənd kənd məktəbində müəllimə işləyən Gülnar Novruz qızı Yusifova bir neçə saytla yanaşı onun rəhbərlik etdiyi saytı da məhkəməyə verib:

“Gülnar Yusifova iddia edir ki, “ajan.tv” saytında yer alan məlumatlar onun şərəf və ləyaqətini alçaldıb. İddiaya səbəb olmuş məlumat 2016-cı ilin sentyabrında “ajan.tv”də yayımlanıb. Həmin məlumat criminal.az saytında “ajan.tv”yə istinadla yayılana qədər Azərbaycanda fəaliyyətdə olan bir çox saytlarda tirajlanıb. Amma məhkəməyə çəkilən criminal.az saytı və baş redaktor olaraq mən oldum. İddiaya ilkin olaraq Beyləqan rayon Məhkəməsində baxılıb və iştirakımız olmadan əsassız qətnamə çıxarılıb. Sonradan verdiyimiz şikayət əsasında baxış yeniləndi. Məhkəmədə hakim Nəsrullah Əliyevin KİV haqda qanundan ümumiyyətlə xəbərsiz olduğu üzə çıxdı”.

Anar Məmmədovun sözlərinə görə, həmin xəbərin “ajan.tv”yə əsasən yayılmasını və bütün məsuliyyətin xəbəri yaymış ilk mənbənin üzərinə düşməsini hakim heç cür anlayıb müvafiq hüquqi qiymət verə bilmədi: ” Ona görə də nəticə etibarı ilə Azərbaycanın KİV haqqında qanuna, beynəlxalq media hüququna zidd bir qətnamə çıxarıldı. İlkin mənbə, yəni “ajan.tv”nin təmsilçilərinin, nümayəndələrinin iştirakı olmadan çıxarılan qətnamə ilə barəmizdə 40 min manat cərimə cəzası kəsildi. Həmin qətnamədən Şirvan Apelyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyasında hakim Tofiq Heydərov da ilkin mənbənin “ajan.tv” olmasına əhəmiyyət vermədi. Qətnamə qüvvədə saxlanıldı. Ümidimiz Ali Məhkəməyə idi. Düşünürdük ki, bu məhkəmə instansiyası adına uyğun – ali bir qərar verəcək, dürüst, doğru araşdırma sonucu olaraq müvafiq qiymətləndirmə aparacaq. Olmadı. Sanki iş üzrə bütün isntansiyaların hakimləri KİV haqqında qanundan xəbərsizdirlər” .

Anar Məmmədovun sözlərinə görə, artıq iddia üzrə icra işi başlanıb: “Məhkəmə icraçıları 40 min manatı könüllü şəkildə ödəməyim üçün 10 gün vaxt veriblər. Mənim həmin məbləği ödəmək imkanlarım xaricindədir. Qərarı icra etməsəm həbs ediləcəyimlə bağlı xəbərdarlıq almışam. Vəkillərlə məsləhətləşmə aparıb işi Avropa Məhkəməsinə göndərmişik. Eyni zamanda Azərbaycanın Ali Məhkəməsinin çıxardığı qərar üzrə icra işi başlayıb. Sayt bloklanmış durumdadır, heç bir gəlir gətirmir. Saytın baş redaktoruyam, üzərimə böyük bir cərimə qoyulub. Həmin cərimə 10 dəfə az olsaydı belə ödəmək maddi imkanlarım xaricindədir”.
Anar Məmmədov Ağdam qaçqınıdır, hər ay dövlətdən 40 manat çörək pulu alır. Deyir ki, həmin puldan kəsib məhkəmə qərarını icra etmək məcburiyyətindədir:“Ali Məhkəmənin qərarını əsassız saysam da, Azərbaycan dövləti adından çıxarıldığından məcburam ki, hər ay çörəkpulu məbləğinin 3-də bir hissəsini məhkəmə qərarının icrasına yönəldim. Ümid edirəm ki, Avropa Məhkəməsi pozulmuş hüquqlarımı bərpa edəcək”.

Çinarə SEYİDOVA,

Azinforum.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin