Baş nazir Milli Məclisdə hesabat verəcək

0
13

Sabah, fevralın 12-də Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində parlamentin ikinci plenar iclası keçiriləcək.

RealMedia.az-ın MM-dən əldə etdiyi məlumata görə, iclasın gündəliyinə ilkin olaraq, 38 məsələ, o cümlədən, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın – Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi – hesabatı daxil edilib.

Hesabatla ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.

Qeyd edək ki, bu ay parlamentin daha bir – üçüncü plenar iclasının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, mart ayında da parlamentin ən azı iki plenar iclasının baş tutması gözlənilir.

Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin 5-ci iclasından gec olmayaraq (Novruz bayramına kimi – red.), Nazirlər Kabinetinin illik hesabatı dinlənilməlidir.
Bu il də məhz belə olacaq.

Yaz sessiyasının mart ayının 15-nə nəzərdə tutulan 5-ci iclasında hökumət adından baş nazir Novruz Məmmədovun hesabatı dinləniləcək.

Qeyd edək ki, baş nazir kimi N.Məmmədov ilk dəfə parlamentarilər qarşısında hesabatla çıxış edəcək.

Baş nazirin hesabatında bütün hökumət üzvləri – birinci vitse-premyer və vitse-premyerlər, o cümlədən, hökumətə daxil olan nazirlər, komitə sədrləri, konsern, dövlət şirkətlərinin prezidentləri və ASC-lərin sədrləri iştirak edəcəklər.

Hesabat cəmi bir gün müzakirə ediləcək və təsdiqlənəcək.

Xatırladaq ki, yaz sessiyası mayın 31-də başa çatacaq.

Həmin vaxta kimi parlamentin daha bir neçə plenar iclası, ailə-məişət zorakılığı, vərəm, şəkər xəstəlikləri, icbari tibbi sığorta və sair məsələlər ilə bağlı ictimai dinləmələri keçiriləcək, o cümlədən, Ombudsman Elmira Süleymanovanın və İnsan alverinə qarı mübarizə üzrə Milli Koordinatorin, daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun illik hesabatları dinləniləcək və təsdiqlənəcək.

Aytən Həmzə

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin