“AZTV”çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi – Bu saytın fəaliyyəti qanunidirmi?

0
68
Bir neçə gün öncə Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin (AZTV-nin / red) mövcud patentlik hüquqlarını pozmaqla, açıq-aşkar AZTV- nin nüfuzunun kölgəsində yaradılan “AZTV.news” domeni adı ilə fəaliyyətdə olan bayağı bir saytın mövcudluğuna diqqət ayırmışdıq. Həmin saytın ciddi media ayarlarından kənar şəkildə qeyri-ənənəvi və qanunsuz fəaliyyətini ifşa etməyə cəhd etmişdik. Qondarma bir saytın fəaliyyətinin yalnız bir neçə şəxsin şəxsi qazanc məqsədlərinə dayandığını, elə bunun üçün yaradıldığını, AZTV-nin xəbər siyasətini ala-yarımçıq yamsıladığını, eyni ad altında ictimaiyyəti və məmurları çaşdırdığını, AZTV-ni nüfuzdan saldığını qeyd etmişdik.
 
Lakin, xəbərin üstündən bəlli zaman keçsə də, həm AZTV rəhbərliyi, həm Gəncədə yaşayan müxbiri Əhməd Qədiroğlu, eləcə də aidiyyatı media və hüquq mühafizə qurumları belə həssas bir məsələyə münasibətdə susqundurlar. İcazəsiz “AZTV”çi adı ilə fəaliyyətdə olan bir şəbəkənin özbaşınalığı sanki kimsələri maraqlandırmır. Maraqlıdır, axı necə olur ki, dövlət telekanalı özünə qarşı belə bir özbaşınalığı vecinə almır? Axı, AZTV adı altında fərdi domen əldə edib fəaliyyət göstərmək necə belə asan və yasaldır? Bəlkə AZTV adı ilə müxtəlif domen alıb beləcə fəaliyyət göstərmək dövlət televiziyası üçün heç bir maneə yaratmır? Bu suallara mütləq aydınlıq gətirilməlidir.
 
Dövlət televiziyasının məsələyə bu şəkildə gözlənilməz susqunluğunun, özünə etinasızlığının əksinə, “Demokratik.Az”-ın faydalı iradından xoş nəticə çıxarmağı bacarmayan saxta region “AZTV”çilərinin “səsi” çıxıb. Xüsusilə qondarma AZTV saytının əlaqə rekvizitlərində direktor kimi görünən Seymur Məmmədov adlı şəxs məsələyə anlaqsız və qeyri-etik münasibətini ortaya qoyub. O, saytımızın rəhbərinə zəng edərək fəaliyyətinin qanuni olduğunu isbata çalışıb, guya ədliyyə qeydiyyatından keçdiyini, guya vergi ödədiyini, “AZTV”ni alqı-satqı ilə aldığını, sən demə AZTV ilə də razılaşdığını deyib. Bunların tam izahını isə bizi hədələməkdə, Osman Nərimanoğlunu küçə söyüşləri ilə təhqir etməkdə görüb.
 
Bazar günü gün ərzində dəfələrlə Osman Nərimanoğlunun mobil telefonuna müxtəlif nömrələrlə zənglər gəlib. Baş redaktoru narahat edən, sonda təhqir və təhdid edən saxta “AZTV”çilər bu yolla məqsədlərinin çirkin niyyətlər olduğunu bir daha təsdiq ediblər. “AZTV” adı ilə nə iş çevirdiklərini, özlərini necə apardıqlarını, əməllərindən qorxmadıqlarını bəyan ediblər.
 
Məsələ ilə bağlı “Demokratik.Az”-a qısa açıqlama verən Osman Nərimanoğlu belə zənglərdən və hədələrdən qorxmadığını, sadəcə olaraq təəccüb etdiyini bildirərək, AZTV rəhbərliyini qınadı: ” Bilisiniz, üzücü reallıqları ifşa etmək zaman-zaman jurnalistə qarşı təhqirlərə və təhdidlərə də yol açır. Mənə görə, bu gözləniləndir. Amma, özünə zərrə qədər xeyir güdmədiyin bu kimi məsələləri qabardırsansa və sonda da problemin stimullaşmasını görmürsənsə, əksinə, küçə avarası tərəfindən söyülürsənsə, bu cəmiyyətimizin və medianın faciəsidir. Nə edim ki, “məndən ötən daş, getsin başqasına dəysin” anlayışı ilə yaşamıram. Əgər, AZTV bu situasiyada öz korporativ və ümumi nüfuzunu qorumursa, klounlaşmış bir sayt barədə ölçü götürmürsə, sən nə edəsən? Təsəvvür edin ki, AZTV-nin Qərb bölgəsi üzrə müxbiri, hazırda Türkiyədə olan Əhməd Qədiroğlu üçün bu durum lap önəmsizdirsə, deyə bilərəm ki, mənə nə? Təcili AZTV rəhbərliyi bu biabırçılığa özü aydınlıq gətirməlidir, televiziyanın patentlik hüququnu pozanları özü cəzalandırmağa maraqlı olmalıdır”.
 
Xatırladaq ki, hazırda Aztv.news adı ilə fəaliyyət göstərən internet saytı əvvəllər Aztv.Tv kimi fəaliyyətdə olub, məhz “Demokratik.Az”-ın və AZTV-nin bölgə müxbiri Əhməd Qədiroğlunun təkidləri ilə bağlanıb. Daha sonra Aztv.news adı ilə yenidən fəaliyyətə başlayıb. Hər iki domen və sayt Famil Cəfərov adlı Gəncə şəhər sakininin adına alınıb və adıçəkilən ötən il Aztv.news saytını 400 manat müqabilində Seymur Məmmədov adlı şəxsə sırıyıb.
 
RealMedia.az olaraq “Demokratik.Az” saytının rəhbərinə qarşı telefonda söyüş yağdıran və təhdid edən savadsız və tərbiyyəsiz “AZTV”çilər barədə hüquq mühafizə orqanlarının zəruri tədbirlər görəcəyinə ümid edirik.
 
Bu cür media buqələmunlarının cəzalandırılması və milli-dövlət televiziyamızın (AZTV-nin) nüfuzunun qorunması istiqamətində əlimizdən gələni edəcəyik.
 
“AZTV”-nin rəsmi şəxslərinin özlərinin məsələyə münasibəti isə yəqin ki, bu kəs çox gecikməz…
 
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin