Avropanın kəhrəba şəhəri – Sovet ordusunun zorla alıb polyaklara verdiyi Qdansk (Reportaj, fotolar)

0
136

Polşada yaşayanlar burada şəhərlər arasındakı qədim “rəqabəti” yaxşı bilirlər. Əlbəttə, söhbət yerli əhaliyə qaynayıb-qarışmış insanlardan gedir. Düzdür, bu rəqabət, bəzən də küçümsəmə, məsələn, bizdəki kimi sərt, aqressiv xarakter almır, amma onların da özünəməxsus tərzi var. Hərçənd Polşa kimi, əhalinin bərabər bölündüyü bir ölkədə yerli-gəlmə məsələsinin güclü olması mümkün deyil.

Amma, məsələn, yerli krakovlular varşavalılara yuxarıdan aşağı baxır, onları şəhər mədəniyyətindən uzaq, kobud insanlar hesab edir, deyirlər ki, Varşava müharibədə çox dağıntıya məruz qalıb, inteligensiyasını itirib, gəlmələr isə kəndçilərdir. Bu gəlmələrə “banka” mənasını verən “sloik” ləqəbini qoşublar. (Keçmişdə Varşavaya işləməyə gələnlər özlərinə bankada yemək gətirir, şəhərdə işlədikdən sonra öz evlərinə qayıdırdılar). Krakovda tramvayda eşitdiyim bir qocanın gileyi belə idi: “Ukraynalılar Krakova niyə gəlirlər? Məncə, onları Vislaya atmaq lazımdır, üzüb getsinlər Varşavaya, çünki elə varşavalılarla eynidirlər”.

Qdansklıların isə bu şəhərlər arası rəqabət mövzusu açılanda sevdikləri bir cümlə var. “Bizdə dəniz var”. Polşanın şimaldakı bir neçə şəhəri istisna olmaqla böyük şəhərləri belə bir imkana malik deyillər. Hərçənd onların da bu öyünməyi azərbaycanlıların Xəzərə dəniz deməyinə bənzəyir. İlin böyük bir hissəsi soyuq olan Baltik dəniziylə öyünmək, əlbəttə, olar, amma bu, məsələn, isti Aralıq dənizi deyil. Bəlkə də mənim üçün belədir. İsti ölkədən gəlmiş birinə soyuğa aid bir çox şeyləri bəyəndirmək çətin məsələdir. Amma soyuq dəniz görmək istəyirsizinsə, əlbəttə, Baltik dənizi ətrafındakı şəhərləri gəzə bilərsiz.

Qdansk paytaxt Varşavadan avtomobillə təxminən 3 saatlıq bir məsafədə yerləşir. Əgər bu yolu qatarla getmək istəsəniz yenə eyni vaxtda çatacaqsız. Ucuz olması səbəbilə Polşa daxili səyahətdə adətən avtobusu seçirəm.

Mürəkkəb tarixli şəhər

Tarixlə maraqlananlar Qdanskın mürəkkəb tarixindən xəbərdardır. Şəhər bəzən Polşa, bəzən Prussiya, bəzən də alman idarəsi altında olub.

Şəhərə aid ilk yazılı məlumatlar 999-cu ilə təsadüf edir. Arxeloji qazıntılara əsasən bu şəhərin Kral I Mieszko tərəfindən salındığı və Baltik dənizi üzərindəki su ticarət yollarını nəzarətə almaq üçün əlverişli strateji mövqe olduğu deyilir.
Yeni tarixin başlanğıcında Qdansk polyak şəhəri idi. Hətta o Polşa şəhərləri içərisində ən böyüyü və varlısı hesab olunurdu. XVIII əsrdə Varşavanın sürətlə böyüməsinə qədər bu ünvan məhz Qdanskda qalmışdı. Birinci dünya müharibəsi qurtardıqdan sonra əhalisinin böyük əksəriyyətinin alman olmasına baxmayaraq, şəhərAlmaniyadan alındı və müstəqil şəhər statusu verilərək Millətlər Cəmiyyətinə aid edildi. İki dünya müharibəsi arası dövrdə Qdansk Polşa ilə Almaniya arasında əsas ixtilaf mövzusu oldu. Şəhərin qeyri-müəyyən statusu konflikti daha da şiddətləndirdi, sonrakı proseslər isə Polşanın Almaniya tərəfindən işğalı və II dünya müharibəsinin başlaması ilə nəticələndi. Daha dəqiqi, Hitler üçün şəhərin statusu Polşanı işğal etmək və şərqə genişlənmək üçün bəhanə oldu. Şəhər müharibə dövründə alman idarəsi altında idi. Sovet qoşunlarının Qdanskı tutması şəhərdə ciddi dağıntılara səbəb oldu. Bütün bunları şəhərin alman əhalisinə qarşı həyata keçirilən amansız tədbirlər və qırmızı ordu əsgərləri tərəfindən törədilən kütləvi zorlamalar izlədi. Sonrakı illərdə 95%-i alman olan şəhər boşaldıldı və buraya başqa ərazilərdən köçürülmüş polyaklar yerləşdirildi. Polşanın şərqə tərəf sürüşdürülməsi planı çərçivəsində edilən bu tədbirlərlə alman görünüşlü polyak şəhərinin biri də artmış oldu.

Qdanskın sonrakı tarixində ən önəmli hadisə 1980-ci ildə Lex Valensanın başçılığı altında qurulmuş “Solidarnost”, yəni “Həmrəylik” hərəkatına ev sahibliyi etməsidir. Uzun illər gizli fəaliyyət göstərən bu hərəkat dinc inqilabla Polşanın kommunizmdən azad edilməsinə nail olub.

Bu arada onu da qeyd edim ki, bu ilin başlanğıcında da Qdanskda ölkə tarixində iz buraxan bir hadisə baş verdi, amma təəssüf ki, bu Qdansk merinin ultrasağçı biri tərəfindən öldürülməsi oldu. Həmin hadisədən sonra qdansklı bir tanışım, bu ölümün şəhər əhalisini üzdüyünü demişdi və keçmiş merin nə qədər açıq fikirli, mərhəmətli və yaxşı insan olduğundan danışmışdı. Görünür, Avropada son zamanlarda artan sağçı aqressiyanın bir hədəfi də Polşadakı tolerant və açıqfikirli insanlardır.

Qdanskda haraları gəzmək lazımdır?

Əlbəttə ki, qədim şəhəri. Hazırda Qdansk, Sopot və Qdınia ilə birlikdə üçlü şəhər meqapolisi Truymiasto-nu təşkil edir. Bu üç şəhərin əhalisi toplamda 1,5 milyondur.

Əsas gəziləcək yerlər, daha doğrusu, önəmli turistik binaların çoxu şəhərin Ulica Dluga (Uzun küçə), bir də Dlugi Targ (Uzun bazar) küçələri ətrafındadır. Dlugi Targ klassik şəhər meydanı dediyimiz yerdir. Avropanın şəhərlərini gəzmiş insanlar bunun nə demək olduğunu bilir. Qədim meydan və ətraflarda restoranlar, mağazalar.. Bu küçənin hər iki ucunda şəhər barokko tərzində tikilmiş şəhər qapıları yerləşir. Buranı “Kraliyyət yolu” da adlandırırlar. Deyilənə görə, keçmişdə krallar atlı faytonlarla bu yolla keçib şəhərə daxil olurlarmış.

Meydanda Qdanskın simvollarından olan Neptun heykəli və saat qülləsi də yerləşir. Saat qülləsinin önündə isə iki aslan heykəli var. Bu aslan heykəlləri başqa şəhərlərdəki binalarda olduğu kimi müxtəlif istiqamətə deyil, eyni yerə baxır. Səbəbi isə baxdıqları istiqamətin kralların meydana giriş etdiyi yer olmasıdır.

Digər bir önəmli bina isə Avropanın kərpicdən tikilmiş ən böyük kilsəsi olan, Müqəddəs Məryəm bazilikasıdır. Kilsənin tikilişinə XIV əsrdə başlanılıb. XVI əsrdən başlayaraq 1945-ci ilə, yəni şəhərin köhnə adı ilə desək, Danzig Gdanska çevrilənə qədər bu kilsə dünyada ikinci böyük lüteran kilsəsi idi.

Şəhərdə alman izləri kifayət qədər çoxdur. Yeri gəlmişkən, Qdansk həmçinin dünya tarixinin önəmli fiziklərindən olan, alman alim Daniel Qabriel Farangeytin doğulduğu şəhərdir. Onun doğulduğu ev də şəhərdəki tarixi binalardan biridir.
Qədim şəhəri əhatələyən digər bir darvaza isə Visla çayı tərəfdədir. Brama Zielona (yaşıl darvaza) adlandırılan bu keçid isə özü adını Visladan alır.

Qdanskın digər bir simvolu olan isə məşhur Qdansk Kranı isə Visla çayının sahilindədir. Orta əsrlərdən qalma və şəhəri Varşavayla bağlayan əsas su yolunun üstündə yerləşən bu tikili II dünya müharibəsində çox ciddi zərər görüb. 60-cı illərdə təmir edildikdən sonra tarixi bina kimi turistlərin ixtiyarına verilib.

Yaşıl Darvazadan çıxdıqda qarşıya çıxan Qdansk karuseli turistlər tərəfindən mütləq istifadə olunmalıdır. Çünki yuxarıdan Qdanskın möhtəşəm evlərindən ibarət gözəl bir mənzərə açılır.

Varşavaya gəlmiş bir gürcü dostum bu şəhərdə hər kəsin kəhraba satdığını deyirdi. O, deyənə qədər mən də ciddi anlamda fikir verməmişdim. Həmin vaxt hər tərəfin kəhrəba mağazaları olduğunun fərqinə vardım. Onu da öyrəndim ki, bu qiymətli materialın əsas istehsal yeri Qdanskdır. Dünyanın kəhrəba ehtiyatının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir. Kəhrəba ixracı Qdanskın iqtisadiyyatında çox önəmli yer tutur. Yerli zərgərlər bu qiymətli daş və gümüşün sintezi ilə çox gözəl bəzək əşyaları düzəldirlər.

Xülasə, bu şəhərin tərifini versək, deyə bilərik ki, Qdansk dənizin, yaşıllığın və qədimliyin gözəl bir ahəng yaratdığı soyuq bir Polşa şəhəridir. Mənim fikrimcə isə Polşaya səyahət etmək istəyən insanın gəzəcəyi üç şəhərdən biridir.

Araz Bayramov, musavat.com
Polşa, Qdansk

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin