Avropada söyüşcül mühacirləri Eldar Mahmudov yemləyir? – sensasion reaksiyalar…

0
637

Vidadi İsgəndərlinin çağırışı və Siyavuş Novruzovun müraciəti ölkələni silkələdi

Avropada mühacir həyatı yaşayan keçmiş məhbus, hüquq müdafiəçisi Vidadi İsgəndərli atasının məzarının murdarlanmasına görə hakimiyyəti ittiham edir.

O, valideyninin qəbrinin təhqir olunması ilə bağlı Azərbaycanın siyasi rəhbərliyinin ünvanına aşağılayıcı ifadələr səsləndirir.

Xalqı silahlı mübarizəyə çağırışlar edən, YAP və siyasi hakimiyyət rəhbərliyindəki şəxslərə söyüşlər yağdıran V.İsgəndərli seçkiqabağı gərginlik yaradıb.

Onun atasının məzarının təhqir edənlərin kimliyi bilinməsə də, araşdırmalar aparılır. Ancaq V.İsgəndərli araşdırmaların nəticələrini gözləmədən bu işi iqtidarın sifarişi kimi qiymətləndirir. Ona görə də təhqirlər yağdırmaqda davam edir.

Bəziləri isə son vaxtlar ölkə rəhbərliyini təhqir edən bəzi mühacirlərin hansısa mərkəzlərin təlimat aldıqlarını iddia edirlər.

Analitik yazar Azər Rəşidoğlu qeyd edir ki, iqtidar və müxalifətin orta və aşağı təbəqəsində nə baş verdiyini anlaya bilən yoxdur: “Vidadi İsgəndərli “mənim orduda, DİN-də, DTX-da, prezidentin ən yaxın ətrafında agentlərim var” deyəndə kimin dili ilə danışırdı və mesajın arxasında nə dururdu?

İlham Əliyevə öz komandasından xəyanət edən, məlumat və maliyyə ötürən kimdir, onların arxasında hansı dövlət durur? İsgəndərlinin bəh-bəhlə təqdim etdiyi “dövlət çevrilişi” provakasiyasının əsl mahiyyəti nədən ibarətdir?”

Jurnalist Taleh Şahsuvarlı Salam Sarvana cavab yazıb “Eldar Mahmudovun Avropadakı uzantılarına etiraz etmək lazımdır. YAP üzvü kimi təhqirə etiraz etmək sizin həm də siyasi borcunuzdur.

Əminəm ki, Vidadi İskəndərlinin silahlı üsyana çağırış etdiyindən və İlham Əliyevin başını kəsəcəyindən də məlumatsızsan. Get cürətin çatırsa Vidadi İskəndərliyə cavab ver”.

 V.İsgəndərlinin təhdidləri ilə bağlı YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sensasion müraciət edib.

Deputat müxalifət liderlərinə müraciətində bildirib ki, siyasi mübarizədə heç zaman kimisə söyməyiblər, təhqir etməyiblər: 

“Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq”.

Dilarə Əliyeva adına qadın hüquqları müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu və Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunın fikirləri öyrənilib.

Novella Cəfəroğlu bildirib ki, Siyavuş Novruzov və YAP funksionerləri heç vaxt kiminsə ailəsini təhqir etməyib.

“Ümumiyyətlə, ailə haqqında tendensiyanı qutarmaq lazımdır. Mən hər zaman demişəm və yenə də deyirəm ki, tənqid etmək olar, ancaq təhqir etmək yolverilməzdir. Ailə müqəddəsdir. Siyasi vuruşmada ailənin nə günahı var axı?

Həm müxalifət, həm də iqtidar bundan əl çəksin! Vidadi İsgəndərli yalandan özündən şeylər çıxarır. Mən bununla bağlı onun qardaşına da zəng vurmuşdum.

Vidadi İsgəndərli Qüdrət Həsənquliyevin ailəsinə toxunmuşdu. Mən zəng vurub onun qardaşına dedim ki, utanmır o? Vidadi Göyçayda həbsxanada olanda biz hamımız yığışıb onun yanına getmişdik.

O xaricdən mənə cavab verib ki, Novellaya bunu hökumət tapşırıb. Hökumətin buna nə dəxli var axı?

Mən bir ana, qadın hüquqları müdafiəçisi kimi ona zəng etmişdim ki, sənin ailə ilə işin olmasın. Vidadi İsgəndərli hökumətlə işləyən insan idi. İndi onun müxalifət olmağına baxmayın.

O prokurorluq orqanında işləyirdi. Əmr də verirdi, adam da tuturdu. Mən onun kimi tutub-tutmamağından danışmıram.

Mən bu gün hüquq müdafiəçisi kimi hər tərəfə müraciət edirəm ki, ailəyə toxunmayın! Bir-birinizi təhqir etməyin! Nə vaxtsa üz-üzə gələcəksiniz. Onda utanacaqsınız”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Vidadi İsgəndərlini yaxından tanımır.

“Son vaxtlar bu adam fəallıq edirdi. Vidadi İsgəndərlinin Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə iştirakı barədə isə məlumatım yoxdu”.

Avropadakı bəzi mühacirlərin çıxışları ənənəvi müxalifətdən fərqlənir. Onlar söyüş söyürlər, təhdid edirlər.

Bu sırada Orduxan Teymurxan və başqaları fəallıq nümayiş etdirirlər. Müxalifət də onların çıxışlarına qarşı susqunluq nümayiş etdirir.

Bəziləri iddia edirlər ki, bu şəbəkəni idarə edən qruplar var. Onlar seçkiqabağı prezident və ailəsi haqda təhqirlər yazırlar.

Müxalifət və iqtidar isə siyasi mübarizədə heç zaman belə ədəbsiz yol seçməyib. S.Novruzov da Əli Kərimli, İsa Qəmbər, və digərlərinə müraciətində məhz bunu deməyə çalışıb.

Xaricdəki mühacirlərimizin də əksəri onları qınayır, heç bir halda insanın şərəf və ləyaqətinə toxunmağın, xüsusilə ailə məsələlərinin dilə gətirilməsinin düzgün olmadığını qeyd edirlər.

Bəzi mühacirlərin bu tərzdə xətt götürmələrinin sonunda digər mühacirlərə də ciddi problemlər yaradacağı bildirilir.

Azərbaycan iqtidarının sona qədər bu məsələdə səbir etməyəcəyi, həmin mühacirlərin yaşadıqları ölkələrin hökumətlərinə müraciət edəcəyi deyilir.

Siyasi mübarizə sivil yolla olmalıdır. Siyasətin müxtəlif qapıları var. Söyüşlə, təhqirlə mübarizə olmur. Azərbaycanı daxildən və xaricdən istiqamətləndirənlər var ki, hansı siyasi xətti götürsünlər.

Azərbaycan cəmiyyəti sivil yolu götürəcək. Heç bir halda kimisə təhqir etmək olmaz. Unutmaq olmaz ki, biri digərinin anasına söyəcəksə, o da cavabını qaytarıb, onun anasına söyəcək, güclüdürsə, daha pis də davranacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin