“Atam dəfələrlə məni zorlamaq istədi…” – Gənc qadından ÜRƏKPARÇALAYAN HEKAYƏ

0
236

Hər bir qadın xoşbəxt olmaq üçün xəyallar qurar. Bəzən qurduqları xəyalların gerçəkləşdiyini, bəzən də əksini yaşayanlar olur. Hətta zorakılığa məruz qalıb, ailəsindən üz çevirənlər də az deyil.

Bədbəxt talelərlə üzləşən, həyatından küskün olan qadınların pənah gətirib sığındığı yerlərdən biri də “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyidir.

Burada hərənin özünəməxsus faciəsi var. Diqqətimi küncə çəkilib dərdləri ilə baş-başa qalan, göz yaşlarını ovcunda boğan qadın çəkir. Haqqında söhbət açacağım qadın taleyin sərt üzünü görüb, ancaq çıxış yolu tapa bilməyib.

RealMedia.az 30 yaşlı Nuranənin (ad şərtidir- red.) həyat hekayəsini təqdim edir:

– Nuranə, diqqətimi çəkdin. Səninlə söhbət etmək istəyirəm.

Üzümə baxır… Bir neçə dəqiqə fikrə daldıqdan sonra söhbətə başlayır:

– Nə danışım, nədən danışım? Taleyindən küskün qadınam.

– Bilmək olar niyə sığınacağa üz tutmusan?

– Həəə (uzadır- red.). Anamdan imtina edib gəlmişəm. Çünki o istəmir mən xoşbəxt olum. İstəsəydi bu gün burda yox, həyat yoldaşımın yanında olardım. Bizi ayırmazdı.

– Üstü örtülü danışırsan. Bəlkə özün haqda ətraflı danışasan.

Bu sözümdən sonra hönkürtü ilə ağlayır. Göz yaşları sel kimi axır. Sakitləşdirməyə çalışıram…

– Nuranə, sakitləş… Heç kim başına nə gələcəyini bilmir. Rahat ol, söhbətimizə davam edək.

Sanki sözümdən ürəklənir, göz yaşlarını silib söhbətə başlayır…

– Biz ailədə beş uşaq olmuşuq. Ailəmiz çox kasıb olub. Atam gecə, anam isə səhər növbəsində işləyirdi. Böyük bacım ailə qurmuşdu. Bacımdan sonra böyük mən idim. Nə atam, nə də anam məni heç sevmirdi. Atam həmişə anamın yoxluğundan istifadə edib mənə yaxınlıq edirdi. Uşaq olanda bunu dərk etmirdim. Yeniyetmə qız idim, o yenə də mənə yaxınlıq edib öpürdü. Mən onu uzaqlaşdıranda isə, məni döyürdü, şiddətli işgəncələr verirdi. Hətta dəfələrlə deyirdim ki, sən mənim atamsan, mən sənin övladınam. Mənimlə niyə məşuqən kimi davranırsan? O bildirirdi ki, sən bilməzsən, atayla qızı arasında belə şeylər həmişə olub. Axırı bir dəfə özümdə hünər toplayıb, hər şeyi açıb anama dedim. Anamsa mənə inanmayıb atama söylədi. Bu söhbətdən sonra evdə söz-söhbətlər şiddətləndi. Ancaq nə atam əməlindən əl çəkdi, nə də anam mənə inandı. Nəsə, sonralar atam pis xəstəliyə tutuldu dünyasını dəyişdi. Bəlkə də mənə çəkdirdiklərinin cəzası idi.

Kövrəlir, üzünü pəncərəyə tərəf çevirir. Sükutu pozub söhbətə davam edirəm…

– Bəs, sonra…

– Atamdan sonra vəziyyətimiz daha da çətinləşdi. Anam iki növbə işləməyə başladı. Məndə Balaxanıda Kərpic Zavoda işə düzəldim. Bir neçə il orda işlədim. Zavodda özümdən üç yaş balaca oğlanla tanış oldum, bir-birimizi sevdik. Anam razı deyildi onunla ilə qurmağıma. İkimizdə qərar verdik məni qaçırtsın. Və qoşulub qaçdım, altı ayın gəlini oldum (doluxsunur- red.).

– Ayrıldınız?            

(Hikkə ilə- red.) Yox! Avtoqəza nəticəsində dünyasını dəyişdi. Qaynanamgil yoldaşıma qədər mənimlə çox mehriban idilər. O dünyasını dəyişdikdən sonra hamısı üstümə düşdülər ki, sən başını yedin, ayağın heç düşmədi, sənə görə öldü oğlumuz. Heyf… kaş ki, yoldaşım ölməzdi. Mən onu çox sevirdim, ondan mənə oğlum yadigar qaldı. Yoldaşımın qırxına yaxın hamilə olduğumu bildim. Qaynanamgil mənə sahib çıxmadılar, yoxsa olənə qədər oğlumu orda böyüdərdim. Heç anamgilə üz tutmazdım.

Kövrəlir, bir xeyli sonra söhbətə davam edir:

– Heç anamgildə üzümə xoş baxmadı. Ancaq məcbur qalıb oturdum, uşağımı dünyaya gətirdim. Oğlum dünyaya gələndən sonra uşağı anama verdim, özüm keçmiş işlədiyim yerdə işə başladım. Həm anamı saxladım, həm də övladımı. Heç yoldaşım tərəf mən cəhənnəm, övladlarının yadigarı ilə bir dəfə də olsun maraqlanmadılar. Bu günə kimi də maraqlanmırlar.

Susur… Gözləri yol çəkir.

– Ay Nuranə, sığnacağa nə üçün gəldiyini demədin.

– Demək, anamgildə qalırdım axı. Qardaşım gedib-gəlib mənimlə səbəbsiz dava edirdi. Bir gündə içkili halda gəlib mənimlə dalaşmağa başladı ki, guya mən onun iş yoldaşı ilə danışıb görüşürəm. Həmin gün ona heç nə demədim, səhəri ayıldı dediklərini üzünə vurdum. Başını salıb aşağı getdi. Bir neçə ay gəlmədi. Söz-söhbətdən sonra bir dəfə anama zəng edib deyər ki, bacım  həm başsız, həm də cavan gəlindi, bizim yanımızda bir türk oğlan usta işləyir, oda evlənmək istəyir. Nuranə ilə danış, oğlanla tanış olsun. Söhbətləri baş tutsa görüşüb danışsınlar. Alınsa ailə qursun. Anam mənə deyəndə əvvəl razılaşmadım. Sonra dşünüb, daşınıb “hə” dedim. Nə isə, oğlanla görüşüb, başıma gələnləri danışdım. Oğlan da mənimlə evlənmək istədiyini və əsas da övladımı qəbul etdiyini söylədi. Toy etmədik, ancaq dini kəbin kəsdirib evləndik. Və mən onun yanına köçdüm. Əvvəllər anam onu çox istəyirdi, sonralar elə bil dəyişdi. Hər dəfə qonaq gedəndə oğlanı pisləyirdi, bizi ayırmağa çalışırdı. Ayırdı da…

– Səndə ayrıldın?

– Yox, ayrılmamışam. Sadəcə vəziyyət elə yerə gəlib çıxdı ki, anam hər gün bizə gəlib yoldaşımla heç nədən dava tuturdu. Bir gün də oğlan bezdi məni gətirib anamgildə qoydu. Anam o gedəndən sonra polisə zəng vurub yalandan ağlına gələnləri danışdı. Çox uzatmaq istəmirəm, yoldaşımı deport etdirdi Türkiyəyə. Yoldaşım deport olandan sonra məndə evimizdən acıq edib, uşağı da götürüb çıxdım. O çıxan, bu çıxan, sığınacağa üz tutdum.

– Yoldaşınla əlaqən var?

– Hə, var. Arada danışıram, bizi yanına aparacaq. Qalmaq istəmirəm buralarda. Bezmişəm hamıdan, hər şeydən, özümdən belə. Bircə yaşamama səbəb övladımdır.

Sözünü bitirməmiş yenə hönkürtü ilə ağlamağa başlayır. Mənsə sakitcə otağı tərk edib, onu dərdləri ilə baş-başa buraxıram…

Gülnarə Eynullaqızı

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin