ANAR HÜSEYNOVUN “AMŞ” -a QAÇIŞI: KTN şöbə müdiri Mətbuat Şurasında hansı haqqını axtarır?

0
362

Son vaxtlar “RealMedia.az” saytında Kənd Təsərrüfati Nazirliyinin «Azəraqrar» Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru Anar Hüseynovla bağlı aqrar rayonlar olan Beyləqandan və Şəkidən redaksiyamıza daxil olan şikayət məktubları əsasında dərc edilən tənqidi məqalələr KTN-də böyük ajiotaja səbəb olmuş, bir çox yeyinti faktlarının üstünü açmışdır. İlkin nəticə olaraq, MMC-nin Aran Regional İdarəsinin (Beyləqan rayonundakı keçmiş Damazlıq Qoyunçuluq sovxozunun təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə yaranmışdır-red.) rəisi, barəsində çoxsaylı şikayətlər yer alan Hikmət Ağayev vəzifəsindən kənarlaşdırıldı. Həmin ərəfədə etibarlı mənbədən aldığımız məlumata görə Nazirlik Anar Hüseynova barəsində yazılan tənqidin yalan olduğunu isbatlamaq, onların internet resurslarından silinməsinə, yaxud da təkzib olunmasına nail olmaq üçün iki gün vaxt verib. Bu üzdən Anar Hüseynov da müxtəlif şəxslər vasitəsi ilə redaksiyamıza zənglər etdirərək həmin yazıların saytdan çıxarılmasını xahiş etdirmişdi.

Lakin biz əlbəttə ki, həqiqəti, sayı 40 nəfərə yaxın olan şikayətçi vətəndaşların haqlı mövqeyini sırasında hətta nüfuzlu həmkarlarımızın da yer aldığı xahişlərə qurban verə bilməzdik, vermədik də. Bundan sonra Anar Hüseynov son ümid yeri kimi Azərbaycan Mətbuat Şurasına (AMŞ) üz tutdu və saytı Şuraya şikayət etdi. Təəssüf ki, şikayətin araşdırılmasının elə ilk mərhələsində – Şuranın katibliyində əyintiyə yol verildi, ikinci mərhələdə – yəni, Şikayətlər üzrə komissiyada həmin əyintilər davam etdi, şikayət baxılması üçün “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirildi. Görünən odur ki, artıq sayt rəhbərliyinin yazıları silməyə heç bir vəchlə razı olmadığını görən Mətbuat Şurası mənsubları baş redaktorumuza müzakirənin aparılacağı iclasa yetişməsi üçün kifayət edəcək qədər minimum vaxtı vermədən, Anar Hüseynovun qarşısında götürdüyü öhdəliyi heç olmasa qismən yerinə yetirmək üçün saytı mümkün qədər tez bir zamanda “qara siyahı”ya salmağı qərarlaşdırıb.

Təbii ki, saytı məhkəməyə verəcəyi təqdirdə işin həm uzanacığını, həm də nəhayət etibarilə uduzacağını yaxşı bilən Anar Hüseynov Mətbuat Şurası vasitəsilə bizə təsir edəcəyini düşünməkdə də yanılmışdı. Çünki, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, tənzimlənməsini üzərinə götürən Mətbuat Şurasının bu məsələyə müdxailəsi yersizdir – yazdıqlarımız həqiqətdir və həqiqətin “tənzimlənməsi”nə lüzum yoxdur. Şuranın Rəyasət Heyəti “RealMedia.az” saytının “qara siyahı”ya salınması barədə qərar versə, məhkəmədən qorxan Anar Hüseynovdan fərqli olaraq biz Azərbaycan məhkəməsinin ədalətinə inamımızı itirməmişik, Mətbuat Şurasını məhkəməyə verəcəyik və əgər lazım gəlsə, haqq işimizi sübuta yetirmək üçün Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyik. Nədən ki, “reket” damğasını üzərimizə götürə bilmərik. Çünki, reketçiliyin motivi olmalıdır, hədəfindən pul və ya başqa maddi nemətlər, üstün imtiyazlar və s. tələb etməlidir.

“RealMedia.az” Anar Hüseynovdan və onun çevrəsinə mənsub şəxslərdən heç nə tələb etməyib. “RealMedia.az” saytının Anar Hüseynovla və onun çevrəsinə mənsub şəxslərlə heç bir şəxsi-qərəzçiliyi və ədavəti yoxdur və olmayıb. Fərqli olaraq, Mətbuat Şurası adlı bir qurumun və bu qurumda təmsil olunan şəxslərin “RealMedia.az” saytının rəhbəri ilə köhnə ədavət apardığını düşünmək olar. Xatırladaq ki, məhz bu cür qeyri-konstruktiv müdaxilələrinə görə bir müddət əvvəl Ramin Məhəmmədoğlunun baş redaktoru olduğu digər KİV-də – “Sonolay.org” saytında Mətbuat Şurası ilə bağlı kifayət qədər tənqidi yazılar dərc olunmuşdu. Hətta R.Məhəmmədoğlu MŞ sədri Əflatun Amaşovdan Prezidentə, Birinci vitse-prezidentə, Baş prokurora və DTX-nə şikayət ünvanlamışdı. Baş redaktorun müəllifi olduğu həmin yazıların birinə görə də xüsusi xidmət orqanları MŞ-nın o vaxtkı icraçı katibi Rəhim Hüseynzadəni və digər şəxsi dindirmişdi. Məhz həmin dindirmədən az sonra Rəhim Hüseynzadə Mətbuat Şurası ilə vidalaşmışdı. Odur ki, MŞ-nın Şikayətlər üzrə komissiyasının qərəzli münasibəti bizi  heç də təccübləndirməmişdir.

Anar Hüseynovun başçılığı altında həyata keçirilən çapovulçuluq barədə məlumatlar isə redaksiyamıza daxil olmaqda davam edir. Həmin məlumatlara görə, «Azəraqrar» Dövlət İstehsalat və Emal Birliyi MMC-nin regional idarələrindən birindən 17 baş yeni doğmuş dişi heyvan, balasından ayrılaraq Bakıya aparılmışdır. Bir sözlə, karyera günəşi sönməkdə olan KTN məmuru Anar Hüseynov bilməlidir ki, ona qucaq açan Mətbuat Şurası elə də etibarlı sığınacaq deyil. Onu bu vəziyyətdən XİLAS edə bilməyəcək.

Yazıda adları çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Aytən Nur, RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin