Abşeron “VTEK” Sahil Babayevə qarşı: “Əlil gözümü pensiyaya dikmişəm…” – Foto

0
55

Azərbaycan neft ölkəsi olsa da, onun minlərlə məzlumları zar-zar qan ağlayırlar. Bu gün Küveyt, Qətər kimi neft ölkələrində xalqlar cah-cəlal içində yaşayıb, filippinli, indoneziyalı miqrantları qara işlərdə işlətsələr də, Azərbaycanda minlərlə insan nəinki firavan yaşamaq, quru çörək belə tapa bilmirlər. Onların gözünün qarşısında isə məmurlar xalqın sərvətlərini sümürüb zəngin həyatları ilə yoxsullara acıq verirlər.

Bu gün bir ovuc məmur oliqarxiyası lüks həyatını yaşayarkən, yüzlərlə xəstə, kasıb, əlil insanlar quru çörəyə, 136 manat pensiyaya möhtacdırlar. Ancaq fələyin gücünə bax ki, əlilə, xəstəyə dövlətin verdiyi qəpik-quruşu du rəva bilməyən məmurlar var.

Onlardan biri Cahan.info-ya müraciət edən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Yeni məhəllələr deyilən massivdə yaşayan Məmmədova Elnarə Ağasalam qızıdır.

Onun övladı Yeganə Məmmədova iki gözündən əlildir. Laçından məcburi köçkün olan və Ceyranbatanda məskunlaşan ailə acınacaqlı vəziyyətdə yaşayır.

Bu yaxınlarda ATV-də “Bizimləsən” verilişinin qonağı olmuş gözdən əlil qıza Cahid həkim köməklik edib, protez göz qoyub.

Lakin Zaurun efirində olmuş gözdən əlil qız əllillik dərəcəsi almaq və pensiya təyin olunması üçün Abşeron Tibbi-Sosial Ekspert Komissiyasından(“VTEK”) keçə bilmir.

Ailənin dolanışığı üçün əlil gözünü pensiyaya dikmiş Y.Məmmədova və anası məmur süründürməçiliyi ilə üzləşiblər.

Abşeron “VTEK” Y.Məmmədovanı komissiyadan keçirib müvafiq sənədi vermir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim eləsin, pensiya təyin olunsun.

Görəsən, nazir Sahil Babayevin islahat adı ilə həyata keçirdiyi işlər blefdir yoxsa doğurdan da Abşeron “VTEK” vicdanını təmiz itirib, naziri də saymır və iki gözdən əlili komissiyadan keçirmir?

Məqsəd rüşvət almaqdırsa, iki gözdən əlildən “haqq” istəmək, ayıbdır. Hətta Səlim Müslümovun dövründə də iki gözdən əlil qarşı haqsızlıq olunmurdu.

Amma çox təəssüf ki, gah ayağı amputasiya edilmiş əlilin pensiyası kəsilir, gah iki gözdən əlil tibbi komissiyadan keçə bilmir, gah məşğulluq idarəsi müdiri rüşvətlə iş verir, gah da DSMF şərtlə sosial müavinət ayırır.

Ancaq nazir Sahil Babayev düşünməlidir ki, bu xəstələrin ahı tutar. Axı el arasında hamı S.Babayevin atasını xeyirxah insan, kasıblara əl tutan biri kimi xatırlayır?!

Bəs, cənab nazir niyə atasının layiqli yolunu davam etdirmək istəmir? Doğurdanmı “VTEK”lərdə bu cür özbaşınalıqlara birdəfəlik son qoymaq çətindir? İki gözdən əlili necə komissiyadan keçirməmək olar? Onun verəcəyi rüşvəti necə yemək olar?

Axı Allah baxır, məzlumun, fağırın, kimsəsizin alacağı qəpik-quruş pensiyadan onu necə məhrum etməyə həmin “VTEK” sədrinin ürəyi gəlir? Heç vicdanı sızıldamırmı?

Bu insanın imkanı olmadığına görə Cahid həkim ona protez göz qoyub, pulsuz yardım edilib. Y.Məmmədovanın ailəsi ağır şəraitdə, bir tikə çörəyə möhtac içində yaşayır.

“VTEK” sədri naziri də, bu vətəndaşı da saymırsa, heç olmasa restoranda hesab verəndə yadına düşür ki, haqsızlıq edib?!

İki gözdən əlil ümidini, gözünü pensiyaya dikib, S.Babayev və onun “VTEK” sədrləri də gözünü həmin pensiyaya dikib – rəzalətdir!

Prezident naziri təyin edib ki, bu cür kiçik şikayətlər ona gəlməsin, vətəndaş daha pensiyaya, əlilliyə görə də çarəsiz qalıb dövlət başçısına, Mehriban xanıma yazmasın.

Nazir və yerlərdəki kadrları ən azı bu cür problmləri həll etməlidirlər, prezidentə, mətbuata gedib çıxmamalıdır. Ancaq onların yarıtmaz fəaliyyəti o həddə gəlib çıxıb ki, iki gözdən əlilin işinə baxılmır və ölkə rəhbərliyinə müraciət olunur.

Cənab S.Babayev prezident İlham Əliyevin iş qrafikində müxtəlif səfərlər, xarici qonaqlarla görüşlər var, dövlət tədbirlərində iştirak edir, müxtəlif geosiyasi məsələlərlə bağlı tapşırıqlar verir.

İndi siz söyləyin, hansı ölkədə prezident iş-gücünü atıb hansısa yarıtmaz məmurun, nazirin ucbatından çöllərdə qalan, ac-yalavac yaşayan iki gözdən əlilin pensiya işi ilə məşğul olur? Utandırıcı mənzərə deyilmi? – Utandırıcıdır…Ümidvarıq ki, bu rəzilliyə tezliklə reaksiya verib, son qoyulacaq.



 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin